"Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliya Futbolçular Assosiasiyasının (AIC) versiyasına görə A Seriyasında 2025/2026 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbolçular Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, laureatlar futbolçular arasında keçirilən səsvermə ilə müəyyənləşib. Mərasim çərşənbə günü axşam saatlarında Milanın "La Skala" teatrında baş tutub.
39 yaşlı ispan mütəxəssis 2024-cü ildən klubu çalışdırır. Ötən mövsüm "Komo" 71 xal toplayaraq turnir cədvəlində dördüncü yeri tutub. Klub tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.
Mövsümün ən yaxşı oyunçusu "İnter"in müdafiəçisi Federiko Dimarko, ən yaxşı klubu isə "İnter" seçilib. Ən yaxşı gənc oyunçu "Komo"nun yarımmüdafiəçisi Niko Pas, ən yaxşı qolun müəllifi isə "Yuventus"dan Fransişku Konseysau olub.












