51 yaşlı italyan mütəxəssis Pyero Auzilio gələn il Milan "İnter"inin idman direktoru postunu tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Auzilionun İtaliyanın son çempionu ilə hazırkı müqaviləsi 2027-ci il iyunun sonuna qədərdir və yenilənməyəcək. Bununla belə, müqaviləyə vaxtından əvvəl xitam verilməsi və mütəxəssisin dərhal "İnter"dən ayrılması da istisna olunmur.
Auzilio 1998-ci ilin yanvarından bəri "İnter"in strukturunda çalışır. O, 2010-cu ilin dekabrına qədər (2004/05 mövsümündə "Spetsiya"da işlədiyi fasilə ilə) akademiyanın meneceri vəzifəsini tutub. 2014-cü ildən isə klubun idman direktoru vəzifəsində fəaliyyət göstərir.
Qeyd edək ki, ötən il Auzilio sabiq "İnter"li baş məşqçi Simone İnzaginin rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan gələn təklifi geri çevirmişdi.













