"Atletik"in futbolçuları ev oyunlarına olan pulsuz biletlərin ləğv edilməsi səbəbindən klub rəhbərliyi ilə münaqişəyə başlayıblar. Oyunçular rəhbərliyin bu qərarına qarşı kəskin etirazlarını nümayiş etdiriblər.

Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Əvvəllər əsas komandanın hər bir oyunçusu "San-Mames"dəki qarşılaşmalar üçün 4 pulsuz bilet əldə edə bilirdi. Prezident Con Uriartenin rəhbərliyi isə bu güzəşti tamamilə ləğv etmək qərarına gəlib.

Bildirilir ki, bu qərar klubun əməkdaşlarına, keçmiş futbolçulara, rəhbər şəxslərə və eks-prezidentlərə də şamil olunub.

Bu həftə "Atletik"in kapitanları klubun baş direktoru ilə görüş keçirsələr də, tərəflər razılığa gələ bilməyiblər. Futbolçular etiraz əlaməti olaraq media ilə ünsiyyətdən imtina etmək qərarı alıblar.

"Barselona"ya qarşı keçirilən və məğlubiyyətlə başa çatan oyundan (0:2) sonra "Atletik"in heç bir oyunçusu nə rəsmi yayımçıya, nə də mikst-zonadakı jurnalistlərə müsahibə verməyib. Hətta matçda komandanın ən yaxşı oyunçusu seçilən Unai Simon belə kameralar qarşısına çıxmayıb.

"Atletik"in mətbuat xidmətinin nümayəndəsi jurnalistlərə bildirib ki, bu, "klub daxili problem səbəbindən" futbolçuların özləri tərəfindən qəbul edilmiş qərardır.

"Atletik" La Liqa tərəfindən cərimə oluna bilər, çünki futbolçular matçlardan sonra hüquq sahibləri ilə ünsiyyətdə olmağa borcludurlar. Media öhdəliklərinin yerinə yetirilməməsi klubun televiziya hüquqlarından əldə etdiyi gəlirlərə də təsir göstərə bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest