"Atletiko"nun hücumçusu Xulian Alvares London "Arsenal"ına keçməkdən imtina edib. Argentinalı futbolçu bu qərarını şəxsən londonluların baş məşqçisi Mikel Artetaya bildirib.
Matc.az xəbər verir ki, tanınmış jurnalist Devid Ornşteyn "TNT Sports" telekanalının efirində bu transferin pərdəarxası məqamları barədə məlumat yayıb.
Bildirilir ki, hazırda argentinalı oyunçunun London klubuna keçid ehtimalı olduqca aşağı qiymətləndirilir.
Ornşteyn vəziyyəti şərh edərək bildirib: "Bu məlumatı paylaşdığım an üçün onun "Arsenal"a keçmək ehtimalı çox azdır, çünki o, fikrini "Barselona"ya yönəldib".
Jurnalist əlavə edib ki, "Atletiko" Kataloniya təmsilçisi üçün qapıları bağlayıb və bu transfer baş tutmayacaq. Buna baxmayaraq, Madrid klubu "Arsenal"la sövdələşməyə və şərtləri müzakirə etməyə hazırdır. Lakin "topçular" ilk növbədə futbolçunun özünün bu keçidi istəməsini gözləyirlər, Alvares isə hələlik belə bir istək nümayiş etdirməyib".
Onun Mikel Arteta ilə danışdığını vurğulayan insayder qeyd edib: "O, Mikel Arteta ilə söhbət edib və keçid etmək istəmədiyini deyib. Bu vəziyyət dəyişə bilərmi, yaxın günlərdə onun mövqeyi yumşalarmı? Belə məqamlarda hər şey anbaan dəyişir, ona görə də bu transferin qətiyyən baş tutmayacağını demək istəmirəm, lakin hazırda vəziyyət bəzilərinin iddia etdiyi kimi deyil".
Ornşteyn londonluların transfer planı barədə fikirlərini yekunlaşdıraraq bildirib: "Hesab edirəm ki, Alvares "Arsenal"ın əsas hədəfidir, əgər onunla müqavilə imzalaya bilməsələr, yəqin ki, mövcud heyətlə yola davam edəcəklər. Lakin "transfer pəncərəsi" bağlanana qədər bunu dəqiq bilməyəcəyik".













