"Kim milyoner olmaq istəyir?" şousundan Çempionlar Liqasında "Barselona"ya qarşı mübarizəyə: "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın hekayəsi.
Matc.az xəbər verir ki, İspaniyanın məşhur "Marca" nəşri Azərbaycan təmsilçisinin litvalı baş məşqçisinin filmlərə mövzu olacaq həyat hekayəsi barədə geniş məqalə dərc edib.
Elə hekayələr var ki, film ssenarisini xatırladır. Valdas Dambrauskasın hekayəsi də məhz belədir. Onun "Sabah" klubu ilə Çempionlar Liqasına vəsiqə qazanması isə bu hekayənin kulminasiya nöqtəsidir. Bu vəsiqənin qazanılma forması isə hekayəyə əlavə bir dramatiklik qatır.
Litvalı mütəxəssis karyerası ərzində Avropanın "Jalgiris", "Ludoqorets" və ya "Omoniya Nikosiya" kimi tanınmış klublarında işləyib. Lakin onun bura qədər necə gəlib çıxması ən maraqlı məqamdır. Onun futboldan uzaq olan hekayəsi 2002-ci ildə öz ölkəsində, məşhur "Kim milyoner olmaq istəyir?" televiziya şousunun Litva versiyasında iştirak etməsi ilə başlayıb.
Həmin vaxt onun 25 yaşı var idi, mühəndislik ixtisası üzrə dərəcə almışdı və heç vaxt peşəkar şəkildə futbol oynamamışdı. Buna baxmayaraq, nə ilə məşğul olmaq istədiyini dəqiq bilirdi. O, böyük mükafatı qazanmaq niyyətində olsa da, sonda 4000 litas (hazırkı məzənnə ilə 1158 avro) qazana bilib. Bu məbləğ az görünə bilər, lakin onun hekayəsinin başlaması üçün kifayət edib.
Dambrauskas "Four Four Two" nəşrinə açıqlamasında bu pulların onun üçün önəmini belə ifadə edib: "Bu, Litvada 1 illik maaşa bərabər idi. Bu pulla 2 illik universitet təhsil haqqını ödəmək olardı". Buna baxmayaraq, o, xəyalının ardınca getməyə qərar verib. Sevgilisi ilə birlikdə İngiltərəyə köçərək London Metropolitan Universitetində İdman Elmləri və Məşqçilik fakültəsində təhsil almağa başlayıb.
Dambrauskas "Flashscore" portalına verdiyi müsahibədə uşaqlıq xəyallarından bəhs edərək bildirib: "12 yaşımdan, peşəkar futbolçu ola bilməyəcəyimi anlayanda, futbol məşqçisi olmaq istədiyimi bilirdim. İngiltərəyə köçmək imkanı yarandı. Daha yaxşı bir həyat axtarışı üçün getdim, lakin məşqçi kimi yolumu açmaq ideyam dəqiq idi. Futbolda işləyə bildiyim və bunu peşəmə çevirdiyim üçün çox xoşbəxtəm. Həmin yarışma olmasaydı nə baş verəcəyini təxmin edə bilmirəm, lakin inanıram ki, xəyalımı reallaşdırmaq üçün bir yol tapardım".
Mütəxəssis dərslərə başladığı ilk vaxtlarda maddi çətinlik çəkdiyini vurğulayaraq qeyd edib: "Uçuş və qalmaq xərclərini ödədikdən sonra cəmi 1 aylıq xərclərimizi qarşılayacaq pulumuz qalmışdı, ona görə də təcili olaraq yarımştat iş tapmalı idim". Beləcə, o, ticarət mərkəzində işləməyə başlayıb. Lakin onun üçün böyük fürsət qarşına çıxıb: "Mançester Yunayted" akademiyasının qapılarını onun üzünə açıb. Dambrauskas həmin günləri xatırlayarkən etiraf edib: "O vaxtlar hələ ingiliscə yaxşı danışmırdım, lakin şəxsiyyətimə görə məni bəyəndilər və işi aldım. Litvadan gəlib mənə belə bir imkanın verilməsi mənim üçün böyük bir addım idi".
Daha sonra o, "London Tayqers" klubunda və "Fulhem"in akademiyasında məşqçiliyə başlayıb. Litvalı mütəxəssis bu dövrün onun üçün faydalı olduğunu bildirib: "Möhtəşəm bir təcrübə idi; bütün işlərim böyük bir öyrənmə prosesinin tərkib hissəsi oldu". Zaman keçdikcə milli komandanın da diqqətini çəkib və Litvanın müxtəlif aşağı yaş qrupları üzrə yığmalarını çalışdırmağa başlayıb.
Dambrauskas hər zaman öz üzərində işlədiyini dilə gətirərək vurğulayıb: "Təkmilləşmək üçün mümkün olan bütün kurslara və konfranslara getdim. Sonra peşəkar futbolda necə yer qazanacağım barədə xəyal qurmağa və planlaşdırmağa başladım. Bilirdim ki, İngiltərədə bu qeyri-mümkün olacak, lakin öz ölkəmdə şansım olacaq".
Onun peşəkar komandadakı ilk baş məşqçilik təcrübəsi öz ölkəsində baş tutub. "Ekranas Panevejis" klubunda bir neçə il Valdas Urbonasın köməkçisi olduqdan sonra, 2013-cü ildə əsas komandanı idarə etmək sınağını öhdəsinə götürüb. Baxmayaraq ki, bu, onun karyerasının yalnız başlanğıcı idi. 2014-cü il bərabərində "Jalgiris"lə müqavilə imzalayıb və burada ilk titullarını – 2 çempionluq, 2 kubok və 2 superkubok qazanıb. Bundan əlavə, bura 118 matçla onun indiyə qədər ən çox rəhbərlik etdiyi klubdur.
Karyerasını RFS, "HNK Qoritsa", "Ludoqorets", "Hayduk Split", "OFI Kreta", "Omoniya Nikosiya" və "Diosdyor" klublarında davam etdirərək, bu yolda Latviya kuboku, Bolqarıstan çempionatı və superkuboku, həmçinin Xorvatiya kubokunu qazanıb. 2025-ci ildə isə Avropa elitasına yüksəldiyi kluba – "Sabah"a gəlib. Azərbaycan klubu 9 illik tarixində yalnız bir titul – litvalının gəlişindən dərhal əvvəl kuboku qazanmışdı.
Dambrauskas sükan arxasında keçirdiyi ilk mövsümdəcə ölkə çempionatı və kubokunun qızıl dublunu qazanaraq Çempionlar Liqasının təsnifat mərhələlərində oynamaq imkanı əldə edib. Onlar "Nyu Seints", "Kuopion Palloseura" və "Arhus" klublarını üstələyiblər. Son mərhələdə "Hapoel Beer-Şeva" ilə qarşılaşıblar. İlk oyunda 2:1 hesabı ilə məğlub olublar, cavab qarşılaşmasının 73-cü dəqiqəsində isə 1:2 hesabı ilə geridə idilər.
Buna baxmayaraq, 94-cü dəqiqədə hesabı bərabərləşdirməyi bacarıblar və əlavə vaxtda vurulan 2 qolla Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. Burada onlar qitənin əsl nəhəngi olan "Barselona" və həmçinin "Vilyarreal" ilə qarşı-qarşıya gələcəklər. Televiziya şousunda iştirak etməkdən Avropanın ən böyük yarışmasında komanda çalışdırmağa qədər uzanan Valdas Dambrauskasın hekayəsi, tam bir film süjetidir.













