"Mançester Yunayted"ın niderlandlı hücumçusu Coşua Zirkze karyerasını "Fiorentina"da davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
Bildirilir ki, "Fiorentina" yaxın vaxtlarda İtaliya millisinin hücumçusu Moyze Kini "Komo"ya sata bilər və hazırda onu əvəzləyəcək oyunçu axtarışı ilə məşğuldur.
Florensiya klubu üçün əsas hədəf məhz Zirkzedir. "Fiorentina" artıq "Mançester Yunayted"a satınalma variantı ilə 1 illik icarə təklifi göndərib və ingilislərin cavabını gözləyir. Zirkze özü isə daha əvvəl "Boloniya"da çıxış etdiyi A Seriyasına qayıtmağa razılıq verib.
25 yaşlı niderlandlı 2024-cü ilin yayından "Mançester Yunayted"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 75 matça çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.













