Fransa millisinin və "Arsenal"ın keçmiş hücumçusu Tyerri Anri futboldakı görkəmli nailiyyətlərinə və oyunun inkişafına verdiyi töhfələrə görə UEFA prezidentinin mükafatına layiq görülüb.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, UEFA prezidenti Aleksander Çeferin fransalı sabiq hücumçu barəsində xoş sözlər ifadə edib: "Sürət, zəriflik, ustalıq və hücumları tamamlamaq bacarığı Anrini bütün dövrlərin ən yaxşı hücumçularından birinə çevirdi. O, artıq dünya səviyyəli ekspert kimi futbolda öz tarixini yazmağa davam edir.

Həqiqətən vacib məsələlərdə fikirlərini bildirməkdən heç vaxt qorxmayıb: ayrı-seçkilik və irqçiliyə qarşı davamlı olaraq çıxış edib, psixi sağlamlıq problemlərindən danışıb və çoxsaylı humanitar təşəbbüsləri dəstəkləmək üçün vaxtını əsirgəməyib. Onun meydandan kənardakı ehtirası və fəaliyyəti göstərdi ki, məşhur "damarlarında buz olması" ifadəsi heç də hər şey demək deyil. Bunun arxasında isti və dərin humanist bir qəlb gizlənir".

UEFA 1998-ci ildən bəri laureatların həm meydandakı, həm də meydandan kənardakı görkəmli töhfələrini qeyd edərək prezident mükafatını təqdim edir.

Anri Londonun "Arsenal" klubunda çıxış edib, burada 228 qolla klubun ən yaxşı bombardiri olub və Premyer Liqa çempionluğunu qazanıb. O, həmçinin "Monako", "Yuventus", "Barselona" (2009-cu il Çempionlar Liqasının qalibi) və "Nyu-York Red Bulls" klublarında da oynayıb. Fransa millisində 1998-ci il dünya çempionatı və 2000-ci il Avropa çempionatının qalibi olub. Anri klublar və milli komanda karyerasında ümumilikdə 411 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest