"Atletiko" hücumçusu Xulian Alvaresin "Barselona"ya mümkün keçidi ilə bağlı bəyanat yayıb. Paytaxt təmsilçisi Kataloniya klubu ilə heç bir danışıq aparmamaq barədə qəti qərar qəbul edib.

Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "Atletiko"nun idarə heyətinin üzvləri Xulian Alvaresin transferi ilə bağlı "Barselona" ilə hər hansı bir müzakirəyə başlanılmaması qərarını yekdilliklə dəstəkləyiblər.

Bəyanatda Kataloniya təmsilçisinin transfer bazarında etik və peşəkar davranış qaydalarına, eləcə də klublararası qarşılıqlı hörmət prinsiplərinə əməl etmədiyi vurğulanıb. Bu səbəbdən qarşı tərəflə heç bir danışığın aparılmadığı və bundan sonra da aparılmayacağı qeyd olunub.

"Atletiko" rəhbərliyi argentinalı hücumçunun bu addımı anlayışla qarşılayacağına və iki mövsümdür olduğu kimi, yenə komandanın uğurları üçün maksimum gücü ilə çalışacağına əminliyini ifadə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest