"Lion" - "Fənərbaxça" oyunundan sonra kütləvi dava düşüb.

"Fənərbaxça" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında səfərdə "Lion" üzərində 2:1 hesablı qələbə qazanaraq əsas mərhələyə yüksəlib. Lakin oyun yekunlaşan kimi meydanda vəziyyət gərginləşib və kütləvi dava düşüb.

"Matc.az" xəbər verir ki, bu barədə Fransanın "Foot Mercato" idman nəşri məlumat yayıb.

Bildirilir ki, hadisələr hələ oyunönəsi isinmə hərəkətləri zamanı başlayıb. "Lion" azarkeşlərinin fit sədaları və təhqirlərinə cavab olaraq "Fənərbaxça"nın fransız yarımmüdafiəçisi Matteo Genduzi onlara qarşı qeyri-etik əl hərəkətləri nümayiş etdirib.

Qarşılaşma İstanbul təmsilçisinin qələbəsi ilə başa çatdıqdan sonra 27 yaşlı futbolçu yenidən rəqib fanatların önünə keçib. Keçmiş "Marsel"li oyunçu tribunalar qarşısında "Allez l'OM!" şüarları səsləndirib və marselli məşhur repçi Julun simvolu olan barmaq işarəsini göstərib.

Bu hərəkətdən sonra "Lion"un futbolçuları dərhal yarımmüdafiəçinin üzərinə yeriyib, meydandakı gərginlik qısa müddətdə əlbəyaxa davaya çevrilib. Futbolçuların qarşıdurması stadionun tunelində də davam edib və hadisəyə hər iki klubun texniki heyəti də qoşulub.

Matçdan sonra mətbuat zonasına çıxan Matteo Genduzi hərəkətlərinin səbəbini 90 dəqiqə boyunca ailəsinin, anasının və övladlarının təhqir olunması ilə izah edib.

Rəqib komandanın üzvü Korentin Tolisso isə təhqirlərin xoş olmadığını bildirsə də, Genduzinin bu addımlarına və yaşanan davaya bəraət qazandırıla bilməyəcəyini vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest