"Barselona" La Liqanın II turunun "Elçe" ilə qarşılaşmasından (5:0) əvvəl polisin göstərdiyi davranışları pisləyən bəyanat yayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, oyundan əvvəl "Manuel Martines Valero" stadionu yaxınlığında polis əməkdaşları "Barselona" azarkeşlərini saxlayıb və onlardan Kataloniyanın müstəqilliyi hərəkatı ilə bağlı bayraqları müsadirə ediblər. Eyni zamanda, saxlanılma zamanı fanatlardan biri döyülüb. Klub bu cür tədbirləri həddindən artıq sərt hesab edir.

Bəyanatda klub üzvlərinə və azarkeşlərinə qarşı qeyri-mütənasib güc tətbiq edilməsi kəskin pislənilib. Xüsusilə, bir azarkeşin saxlanılması zamanı tətbiq edilən tədbirlərin əsassız və qanunsuz olduğu vurğulanıb. "Barselona" zərərçəkmiş şəxsə və onun ailəsinə hər cür lazımi dəstəyi verməyə hazır olduğunu bəyan edib.

Kataloniya təmsilçisi polisin azarkeşlərdən "Estelada" bayraqlarını yenidən müsadirə etməsindən təəssüfləndiyini bildirib. Qeyd olunub ki, bu bayraq rəsmi şəkildə icazə verilmiş rəmzdir və onun nümayişi söz azadlığının qanuni təzahürüdür. Bu səbəbdən həmin rəmz nifrət və ya zorakılığa çağırış kimi qiymətləndirilə bilməz.

"Barselona" baş verən hadisələrlə bağlı müvafiq izahat gözlədiyini və həm "Kamp Nou" stadionunda, həm də rəqib arenalarda öz üzvlərinin hüquqlarını, ləyaqətini və ifadə azadlığını qorumaq üçün hər cür qanuni addım atmaq hüququnu özündə saxladığını diqqətə çatdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest