“Turan Tovuz”un hələ “Turan” olan vaxtlarında Naci Şensoy adlı türkiyəli baş məşqçisi var idi. Komandasının AFFA tərəfindən haqsızlığa məruz qaldığını düşünüb, bir dəfə “elə etməsinlər ki, əlimə bomba alıb Bin Laden kimi gedib AFFA-nı partladım” şəklində açıqlama verdiyi deyilir.
İndi Tovuzda nə Şensoy var, nə də AFFA rəhbərliyi həminkidir.
Amma…
Mövsüm yenicə start götürüb, “Turan Tovuz”un düşərgəsindən etiraz səsləri yüksəlməyə başlayıb. “Şamaxı” ilə qolsuz bitən oyunda tovuzluların topun qapı xəttini keçdiyini iddia etdiyi epizodu dəfələrlə izlədim. Əminəm ki, futbolla az-çox maraqlanan hər kəs izləyib. And olsun Azərbaycan futboluna daş qoyan kişinin papağına ki, izlədiyimiz fotolardakı, videolardakı epizodda top qapı xəttini keçmişdi. Özü də elə-belə yox, top qapı xəttini keçib, əlini də qulağının dibinə qoyub, matçı idarə edən Rauf Cabarova, köməkçilərinə, VAR hakimlərinə “baxın, mən qapının içindəyəm” deyib, “qımışırdı”.
“Turan Tovuz” – “Şamaxı” oyununun hakimlərinin meydan sahiblərinə hansısa bir qərəzinin, nifrətinin olmadığına inanıb, topun qapı xəttini keçməsi epizodunda fərqi qərar vermələrini texniki imkanların yetərsizliyinə, referilərin arasında ikinci Tofiq Bəhramovun olmamasına bağlayaq.
Bağlayaq… Amma matçı hər nə qədər zəif keçirsə də, çempionluğa, avrokuboklara oynayan komandanın əlindən qələbənin alınması faktı boynunu büküb ortada dayanır axı. Bir komandası dünən Çempionlar Liqasının əsas mərhələsində, bir komandası da bu gün qitənin ən nüfuzlu klub turnirinin pley-offunda oynayan ölkənin futbol matçlarının VAR sistemi, çəkilişləri, texniki imkanları bu gündə, bu səviyyədə olmamalıdır. Olmamalıdır ki, hakimlər də “nala-mıxa vurmasınlar”, ən azı, futbol ictimaiyyəti keyfiyyətli çəkilişləri izləyib, gözlə aydın şəkildə gördükləri ilə bağlı könül və vicdan rahatlığı ilə qərarlarını verə bilsinlər. Yoxsa, “top qapı xəttini keçmişdi”, “ofsayd var idi”, “ofsayd yox idi”, “top ələ dəymişdi” və sair və ilaxır – bu mübahisələr, müzakirələr hər turda olacaq. Nəticədə, futbol qalacaq bir kənarda, hamı – jurnalist də, klub rəsmisi də, azarkeş də hakimlik edəcək. Bizə belə futbol lazımdırmı?
(Komanda.az)









_1787573490.jpg)



