1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərəyə qarşı keçirilən oyunda argentinalı hücumçu Dieqo Maradonanın məşhur "Tanrının əli" qolunu vurduğu top hərracda 3 355 000 dollara satılıb.
Matc.az xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" idman nəşri məlumat yayıb.
Bildirilir ki, bu hadisə Amerika Birləşmiş Ştatlarının Texas ştatının Dallas şəhərində yerləşən "Heritage Auction" hərrac evində baş verib. Bu lot üçün ilkin olaraq 2,5 milyon dollar qiymət qoyulsa da, hərrac ekspertləri bu futbol relikviyasını 10 milyon dollar dəyərində qiymətləndirirdilər.
Qeyd edək ki, bu, həmin topun ilk satışı deyil. Sözügedən matçda idarəçilik etmiş tunisli hakim Əli Bennasur əfsanəvi oyundan sonra topu özünə götürüb, 2022-ci ildə isə onu hərraca çıxararaq nəticədə 2,3 milyon avro qazanıb.
Xatırladaq ki, həmin turnirin yekunlarına əsasən "Albiseleste" tarihindəki üç dünya çempionatından ikincisini qazanmağı bacarıb. Həmin dünya çempionatının ən yaxşı oyunçusu adını isə yarışlar ərzində 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənən məhz Maradona qazanıb.













