"Bavariya"nın hücummeyilli yarımmüdafiəçisi Camal Musiala səhhətindəki problemlərə baxmayaraq, mümkün qədər tez meydanlara qayıtmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə Almaniyanın "Kicker" idman nəşri məlumat yayıb.
Bildirilir ki, Almaniya millisinin futbolçusu bu yaxınlarda müalicə kursunu dəyişib. O, yaxın günlərdə komanda məşqlərinə qayıtmağı planlaşdırır və son fərdi məşqlərdən sonra heyətə dönmək üçün çalışacaq.
Camalın artıq Bundesliqanın birinci turunun "Ştutqart"la matçında "Bavariya"nın iştirak ərizəsinə düşmək şansı olduğu qeyd edilir. Avqustun 28-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Musiala bu görüşdə bir neçə dəqiqəlik oyun şansı qazana bilər. O, meydana tezliklə qayıtmağa can atır.
Xatırladaq ki, avqustda Münhen təmsilçisinin yoldaşlıq oyunları zamanı almaniyalı futbolçu 4 gün ərzində 2 dəfə huşunu itirib. Ulduz futbolçu daha sonra bu qısamüddətli huşitmələrin səbəbini açıqlamışdı.
Ötən mövsüm klub səviyyəsində 24 matça çıxan yarımmüdafiəçi 5 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.













