"Leypsiq"in hücumameyilli yarımmüdafiəçisi və Şimali Makedoniya millisinin üzvü Elif Elmas karyerasını "Atalanta"da davam etdirəcək. Şimali makedoniyalı futbolçunun İtaliya klubuna keçidi rəsmiləşib.
Matc.az xəbər verir ki, bu barədə Bergamo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulan satın alma şərtli icarə müqaviləsindən gedir. "Atalanta" bu icarə üçün Almaniya klubuna 2 milyon avro ödəyəcək, oyunçunun transfer hüquqlarına birdəfəlik sahib olmaq isə İtaliya komandasına daha 12 milyon avroya başa gələcək.
Elmas son il yarımı icarə əsasında İtaliyanın digər klublarında – "Torino" və "Napoli"də keçirib. O, 2019-2024-cü illərdə də daimi müqavilə ilə neapolluların şərəfini qoruyub.
Karyerası ərzində "Rabotniçki" və "Fənərbaxça"da da çıxış edən futbolçu Şimali Makedoniya yığmasında 79 matçda meydana çıxıb və 13 qol vurub.













