Polşanın Ekstraklasa turnirinin 5-ci turunda keçirilən "Pyast" və "Legiya" komandaları arasındakı qarşılaşma tribunadakı fövqəladə vəziyyət səbəbindən ikinci hissədə dayandırılıb.
Matc.az xəbər verir ki, bu barədə "Goal.pl" nəşri məlumat yayıb.
Bildirilir ki, qarşılaşmanın təxminən 70-ci dəqiqəsində "Pyast"ın azarkeşlərindən birinin halı pisləşərək huşunu itirib. Stadionda ona dərhal reanimasiya yardımı göstərilməyə başlandığı üçün baş hakim Bartoş Frankovski oyunu saxlayıb.
Xəstəxanaya çatdırılan azarkeşin həyatını xilas etmək mümkün olub. Oyun dayandırılan zaman "Legiya" 7-ci dəqiqədə Lukaş Zyavinskinin vurduğu qolla 1:0 hesabı ilə öndə olub.
Saat 20:05-də bərpa olunan matçda "Pyast"ın radikal azarkeş qrupları etiraz olaraq sektoru tərk ediblər.
Görüşün əsas vaxtının başa çatmasına 3 dəqiqə qalmış portuqaliyalı Leandro Sankanın qolu ilə "Pyast" tarazlığı bərpa edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.













