"Soyunub-geyinmə otağında bir-birimizə dedik ki, hesab cəmi 1:0-dır".
"Tvente" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub. "De Qrolsx Veste" stadionunda baş məşqçi Con van den Bromun komandası topa daha çox sahib olsa da, fərqlənə bilməyib. Meyandakı üstünlüyə baxmayaraq, meydan sahibləri real qol vəziyyətləri yaratmaqda çətinlik çəkiblər. Bununla belə, Rots gələn həftə Azərbaycanda keçiriləcək cavab matçında uğur qazanacaqlarına inanır.
Matc.az xəbər verir ki, bu barədə açıqlamasında "Tvente"nin yarımmüdafiəçisi Daan Rots deyib.
Rots komandada hazırda məyusluq olduğunu gizlətməyib: "Hazırda hamımız qəmginik. Lakin soyunub-geyinmə otağında bir-birimizə dedik ki, hesab cəmi 1:0-dır. Gələn həftə keçiriləcək oyuna başımızı dik tutaraq çıxmalıyıq".
"Qarabağ" fasilədən dərhal sonra yarımmüdafiəçi Borjesin qolu ilə önə keçib. Buraxılan qoldan sonra "Tvente" bərabərlik topunu vurmaq üçün təzyiqi artırıb. Lakin bütün cəhdlərə baxmayaraq, niderlandlılar qol vurmağı bacarmayıblar.
Rots cavab matçı öncəsi ümidli danışıb: "İkinci hissədə oyunun böyük qismini rəqib meydançasında keçirdik. Hər epizodda ideallıqdan uzaq olsaq da, oyuna diktə edə bildiyimizi və imkanlar yarada biləcəyimizi göstərdik".
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.













