Səbuhi Abdullazadə karyerasını erkən başa vura bilər. Matc.az xəbər verir ki, buna “Sumqayıt”ın kapitanının özünə xəsarət yetirməsi səbəb olub.  24 yaşlı yarımmüdafiəçi dünən Premyer Liqanın ilk turunun “Nefti” ilə oyununda (1:3) xoşagəlməz hadisə ilə üzləşib. 74-cü dəqiqədə rəqibini vurduğu üçün birbaşa qırmzı vərəqə alan Səbuhi daha sonra özünü zədələyib.
 
O, meydanı tərk edərkən stadionunun dəhlizin qapısının şüşəsinə əli ilə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb. Pis olan futbolçunun ayaq vətərlərinin kəsilməsidir. Vəziyyət o qədər kritikdir ki, Səbuhi, ümumiyyətlə, karyerasını bitirə bilər. Hətta onun sağ ayağının normal fəaliyyət göstərməsi inandırıcı görünmür.
 
Abdullazadə bu gün təcili əməliyyat olunacaq. Həkimlər indidən xoş olmayan proqnozlar verir, çünki vətərlərin bu şəkildə kəsilməsi yaxşı əlamət deyil. O, ən yüksək səviyyəli tibbi müdaxilə ilə sağlamlığına qovuşacaqsa da, yaşıl meydanlara qayıtması uzun zaman alacaq. Ümid edirik, hər şey yaxşı olar və milli komandamızın da üzvü olan yarımmüdafiəçi yersiz əsəbin gətirdiyi fəsadın güdazına getməz (futbolinfo.az).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest