"Çalışacağıq ki, yaxşı nəticələr qazanaq".

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının I turunda Qəbələ şəhər stadionunda "İmişli" ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, Naxçıvan klubunun baş məşqçisi Cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yeni mövsümün başlaması münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Bilirdik ki, çətin oyun olacaq. Bir az gecikməmiz oldu, 5 həftə məşq edə bildik. Ümumilikdə futbolçuların göstərdiyi mübarizədən razıyıq. Başa düşürük ki, potensialımız daha çoxdur. Məşqlərdə daha yaxşı hazırlaşıb qarşıdakı oyunlarda qələbələr qazanmaq istəyirik.

- Qarşıda ard-arda "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlar gəlir. Komanda bu matçlara hazırdır?

- Bəli, bizi qarşıda ağır oyunlar gözləyir. Bu çempionat daha maraqlı olacaq. Bütün rəqiblərə qarşı eyni qaydada hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq.

- "Səbail"də rəhbərliklə problem yaşamışdız. "Araz-Naxçıvan"da rəhbərliyin dəstəyini hiss edirsiz?

- Fürsətdən istifadə edib rəhbərliyə təşəkkür etmək istəyirəm. Mənə çox dəstək olurlar. İstədiyimiz futbolçuları komandaya cəlb ediblər. 

- Mamadu Kane oynamağa hazırdır?

- Komandaya ən son qoşulanlardan biri Kanedir. Ona görə çox da risk etmək istəmirik. Optimal formaya gəlməsi üçün hələ vaxt lazımdır. Fiziki durumunu düzəldəndən sonra onu meydanda görəcəyik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest