Qazaxıstanlı hücumçu Dastan Satpayev karyerasını "Börnli"də davam etdirəcək.
Matc.az xəbər verir ki, 18 yaşlı futbolçu "Çelsi"dən satın alma bəndi olmadan 1 illik icarə əsasında "Börnli"yə qoşulub. Mövsümün sonunda Satpayev London klubuna geri dönəcək.
Satpayev "Kayrat" akademiyasının yetirməsidir. O, 2024-cü ilin mayında əsas komandada debüt edib.
2025-ci ilin martında Dastan ilk dəfə Qazaxıstan millisinə çağırılıb və Kurasao ilə yoldaşlıq oyununda debüt edib. Bununla da Satpayev Qazaxıstanın milli komandası tarixində ən gənc oyunçu olub.
O, Çempionlar Liqasında oynayan ən gənc qazaxıstanlı olub, həmçinin turnirin "Kopenhagen"lə matçında qol vurmaqla yaddan qalıb. Bundan əlavə, Satpayev Belçikaya qarşı dünya çempionatının seçmə mərhələ oyununda milli komandada ilk qolunu vurub.
2025-ci ilin fevralında forvard 2,4 milyon avro qarşılığında "Çelsi"nin oyunçusu olub.













