"İnter"in mərkəz yarımmüdafiəçisi Davide Frattezi karyerasını "Latsio"da davam etdirəcək. 26 yaşlı italyan futbolçu Roma klubuna icarə əsasında qoşulub.
Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Frattezinin icarəsi Roma klubuna 5 milyon avroya başa gələcək. Müqavilədə həmçinin futbolçunun keçirdiyi oyunların sayından və ya "Latsio"nun A Seriyasındakı yekun mövqeyindən asılı olaraq məcburi xarakter ala biləcək satın alma bəndi də yer alıb.
Frattezi 2023-cü ildən, "Sassuolo"dan keçdiyi vaxtdan bəri "İnter"də çıxış edirdi. Ötən mövsüm yarımmüdafiəçi Milan klubunun heyətində bütün turnirlərdə 33 matça çıxıb və 3 məhsuldar ötürmə edib.
"İnter"in heyətində o, 2023/24 və 2025/26 mövsümlərində iki dəfə İtaliya çempionu olub, 2023-cü ildə İtaliya Superkubokunu və 2025/26 mövsümündə İtaliya Kubokunu qazanıb. Gənclər səviyyəsində isə Frattezi İtaliya millisinin heyətində 2018-ci il U-19 avropa çempionatının gümüş mükafatçısı olub.
Xatırladaq ki, bir qədər əvvəl "İnter"in "Tottenhem"in və İngiltərə millisinin müdafiəçisi Ced Spensin transferini razılaşdırdığı bildirilirdi.













