Braziliyalı hücumçu Endrikin Madrid "Real"ının formasını geyinməyə davam edəcəyi gözlənilir.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, 20 yaşlı futbolçu mətbuatın iddia etdiyi kimi icarəyə verilməyəcək. O, İspaniya nəhənginin start heyətində daimi yer qazanmaq üçün mübarizəsini davam etdirəcək.
Madridlilərin baş məşqçisi Joze Mourinyo bu cür qərar qəbul edib. Bununla belə, 2027-ci ilin yanvarında perspektivli gənc braziliyalıya yenidən baxış keçiriləcək.
Xatırladaq ki, analoji baxış bu ilin qışında da baş tutub və bundan sonra o, Fransa "Lion"una icarəyə yollanıb (21 matçda 8 qol və 8 məhsuldar ötürmə).
Daha əvvəl Endriklə "Aston Villa" və Braziliya millisi oyunçusunun icarəsi üzərində işə başladığı iddia edilən "Roma"nın maraqlandığı bildirilirdi.
Onun "Real"la hazırkı müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Gənc hücumçu 2024-cü ilin iyulundan "Kral klubu"nda çıxış edir və artıq 40 matçda (7 qol və 1 məhsuldar ötürmə) iştirak edib.












