"Barselona"nın və İspaniya millisinin hücumçusu Ferran Torres karyerasını PSJ-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Marca" idman nəşri məlumat yayıb.
Bildirilir ki, 26 yaşlı vinger artıq komanda yoldaşları ilə vidalaşıb və karyerasını Fransada davam etdirmək istəyir. İspaniyalı futbolçu şəxsi müqaviləsinin detallarını razılaşdırıb, lakin klublar hələ transfer məbləği ilə bağlı ortaq məxrəcə gəlməlidirlər. Danışıqların həlledici mərhələsinin yaxın vaxtlarda başlayacağı gözlənilir.
26 yaşlı ispaniyalı hücumçu Kataloniya klubuna 2022-ci ilin yanvarında "Mançester Siti"dən keçib. Transfer məbləği 55 milyon avro təşkil edib, daha 10 milyon avro isə artıq aktivləşdirilmiş bonuslar şəklində nəzərdə tutulub.
Torres kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir, lakin "Barselona" rəhbərliyi ona yeni sözləşmə təklif etməyə tələsmir. Səbəblərdən biri kimi "Siti" ilə müqavilədəki əlavə bənd göstərilir: əgər "Barselona" Torres ilə müqaviləni yeniləsə, "Mançester Siti"yə daha 7–8 milyon avro ödəməli olacaq.
Ötən mövsüm Torres klubun heyətində bütün turnirlərdə çıxdığı 49 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun transfer dəyəri 50 milyon avro qiymətləndirilir.













