Liverpulun "Everton" klubu danimarkalı yarımmüdafiəçi Kristian Nörqorun transferi ilə bağlı Londonun "Arsenal" klubu ilə prinsipial razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə nüfuzlu insayder və jurnalist Devid Ornşteyn məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı yarımmüdafiəçinin transferi üçün ödəniləcək təzminat məbləği təxminən 7 milyon funt-sterlinq (təxminən 8,2 milyon avro) təşkil edəcək. Yaxın zamanlarda təcrübəli futbolçunun tibbi müayinədən keçmək və şəxsi müqavilə imzalamaq üçün "Everton"nun düşərgəsinə gələcəyi gözlənilir.
Nörqor 2025-ci ilin yayında "Brentford"dan "topçular"ın heyətinə keçib. Danimarkalı oyunçu ötən 2025/26 mövsümündə Mikel Artetanın komandasında əsas heyətin dəyişməz üzvünə çevrilə bilməyib və bütün turnirlərdə 23 rəsmi matçda iştirak edib.
Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında 20 qarşılaşmada meydana çıxıb və aktivinə 3 məhsuldar ötürmə yazdırıb.












