Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.

Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.

O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib.

2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsi bunun ən bariz nümunələrindən biridir.

Bu nailiyyətin ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsi olduğu bildirilib.

Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest