"Milan" Londonun "Arsenal" klubunun hücumameyilli yarımmüdafiəçisi İtan Nvanerinin transferində maraqlıdır. İtaliya təmsilçisi heyətini gənc ulduzla gücləndirmək niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.
Bildirilir ki, İtaliya klubu artıq "Arsenal"a mümkün transferlə bağlı sorğu göndərib. Bununla yanaşı, Nvaneri üçün təkcə "Milan" deyil, həm də "Everton", "Fulhem" və "Leypsiq" klubları da mübarizə aparır.
İtan Nvaneri 9 yaşında London "Arsenal"ının akademiyasına qoşulub. O, bütün hazırlıq mərhələlərini keçərək "topçular"ın əsas heyətində debütünü 2022-ci ildə rəsmiləşdirib.
"Brentford"a qarşı keçirilən matç zamanı İtanın 15 yaş 181 günü var idi. Yarımmüdafiəçi İngiltərə Premyer Liqası və "Arsenal" tarixinin ən gənc debütantı olub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Marsel"də keçirib.
Hazırda 19 yaşlı ingiltərəli futbolçunun transfer dəyəri 35 milyon avro qiymətləndirilir, onun müqaviləsi isə 2030-cu ilin yayına qədər qüvvədədir.













