Asiya Futbol Konfederasiyası FİFA prezidenti Canni İnfantinonun qurumun kommersiya hüquqlarının bir hissəsini kənar şirkətlərə satmaq ideyasına qarşı çıxıb. Qitə futbol qurumu ali rəhbərliyin bu planını qəbul etməyib.
Matc.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, quruma üzv olan bütün 47 ölkə Canni İnfantinonun təşəbbüsünün əleyhinə yekdilliklə səs verib. Bununla da Asiya qitəsi UEFA və KONKAKAF-ın mövqeyini dəstəkləyib.
UEFA belə bir sövdələşmə baş tutacağı təqdirdə növbəti dünya çempionatını boykot edəcəyini bəyan edib. Hazırda 6 qitə konfederasiyasından 3-ü FİFA prezidentinə qarşı birləşib.
Cənubi Amerika və Okeaniya hələlik öz mövqeyini açıqlamayıb. Afrika Futbol Konfederasiyasının isə Canni İnfantinonun bu təşəbbüsünü dəstəklədiyi bildirilir.













