FİFA-nın baş müşaviri Karlos Kordeyro istefa vermək qərarına gəlib. Ali futbol qurumunun rəhbərliyində ciddi narazılıq yaranıb.

Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Ben Ceykobs məlumat yayıb.

Bildirilir ki, bu qərar FİFA prezidenti Canni İnfantinonun qurumun kommersiya hüquqlarının bir hissəsini kənar şirkətə satmaq planları ilə bağlıdır. Son bir neçə gündə İnfantino təkcə Kordeyronun deyil, həm də yaxın ətrafındakı digər şəxslərin də dəstəyini itirib.

Karlos Kordeyro məsələ ilə bağlı verdiyi bəyanatda bildirib: "FİFA prezidentinin baş müşaviri, keçmiş bankir və ömürlük futbol azarkeşi kimi, FİFA-nın dünya çempionatında pay satma ehtimalını nəzərdən keçirdiyi bir vaxtda mən kənarda qala bilmərəm. İcazə verin, fikrimi dəqiq ifadə edim: bu təkliflə heç bir əlaqəm olmayıb və qeyd-şərtsiz onun əleyhinəyəm. Bu, FİFA-ya üzv assosiasiyalar üçün, futbol üçün və oyunun uzunmüddətli gələcəyi üçün pis sövdələşmədir".

Xatırladaq ki, FİFA 20 milyard dollar kapitalla "FIFA Forward Enterprise (FFE)" adlı şirkət yaratmağı planlaşdırır. Sözügedən şirkət özəl investorların iştirakı ilə dünya çempionatlarının kommersiya hüquqları ilə məşğul olmalıdır.

İnvestorlardan birinin isə ABŞ prezidenti Donald Trampın kürəkəninin qardaşı, "Thrive Eternal" şirkətinin sahibi Coşua Kuşner ola biləcəyi gözlənilir. Infantinonun bu planlarına qarşı artıq UEFA və KONKAKAF da etirazını bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest