Azərbaycan bu iki raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.
Avrokubokların ikinci təsnifat mərhələsi başa çatıb.
Matc.az xəbər verir ki, Azərbaycan bu iki raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.
9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.
Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür.
Daha çox xala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.
Mövsümdə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr siyahısında Azərbaycan və Latviya 2,625 xalla ilk iki sıranı bölüşür. Onları "Estoniya" (2,500), "Finlandiya" (2,125) və "Lixtenşteyn" (2,000) izləyir.
Azərbaycan klublarının nəticələrinə gəlincə, ölkə reytinqində ən böyük pay 1,000 xalla "Sabah" klubuna məxsusdur. "Qarabağ" 0,750 xal, "Zirə" 0,625 xal, "Neftçi" isə 0,250 xal qazandırıb.
"Sabah" UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, "Qarabağ" UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, "Zirə" və "Neftçi" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.













