"Mərcan Hospital" və "Liman" qadın futbol klubu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Matc.az xəbər verir ki, memorandumun məqsədi qadın idmançılarının sağlamlığının qorunması, onların peşəkar tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və qadın futbolunun inkişafına dəstək göstərilməsidir.

İmzalanma mərasimində çıxış edən "Mərcan Hospital"ın baş direktoru Simuzər Hüseynova qeyd edib ki, idmanda uğurun əsas şərtlərindən biri idmançıların sağlamlığının etibarlı şəkildə qorunmasıdır.

"Bu əməkdaşlıq bizim üçün sadəcə iki qurum arasında tərəfdaşlıq deyil, eyni zamanda sağlam həyat tərzinin təşviqi və qadın idmanının inkişafına verilən töhfədir. "Mərcan Hospital" olaraq idmançılarımızın hər zaman yanında olmağa və onlara peşəkar tibbi dəstək göstərməyə davam edəcəyik", - deyə baş direktor bildirib.

Əməkdaşlıq çərçivəsində "Liman" qadın futbol klubunun idmançılarına tibbi müayinələrin təşkili, zəruri tibbi xidmətlərin göstərilməsi, profilaktik tədbirlərin həyata keçirilməsi və sağlamlığın qorunmasına yönəlmiş digər təşəbbüslərin icrası nəzərdə tutulur.

Tərəflər bu memorandumun uzunmüddətli əməkdaşlığın əsasını qoyacağına və qadın futbolunun inkişafına mühüm töhfə verəcəyinə əmin olduqlarını bildiriblər.

"Mərcan Hospital" cəmiyyətin sağlamlığının qorunmasına yönəlmiş layihələrdə fəal iştirak etməyə, müxtəlif sosial və idman təşəbbüslərinə dəstək göstərməyə bundan sonra da davam etdirəcəyi qeyd edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest