"Sabah" komandası UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşmasında Uelsin "TNS" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq üçün mühüm səfər sınağına çıxacaq.

Matc.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Litvalı mütəxəssis komandanın hazırlıq vəziyyəti və oyunun önəmi barədə danışıb:

"İlk növbədə qeyd etmək istəyirəm ki, burada olduğumuz üçün çox xoşbəxtik. Həm futbolçular, həm də məşqçilər heyəti sabahkı oyunu böyük həyəcanla gözləyir.

Düzdür, cavab qarşılaşmasını səfərdə, İngiltərədə keçirəcəyik. İlk oyundan fərqli olaraq sabah daha yüksək konsentrasiya ilə çıxış etməliyik. Bilirik ki, rəqib doğma meydanda oynayacaq və burada yaradılacaq atmosferin fərqindəyik. Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən 20-25 faiz daha yaxşı çıxış edirlər.

Buna görə də arxayınlaşa bilmərik. İlk oyunda üstünlük qazanmağımıza baxmayaraq düşünməməliyik ki, artıq hər şey həll olunub. Əksinə, sabah da əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalı və daha güclü komanda olduğumuzu bir daha sübut etməliyik.

Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib. Çox rahat və uğurlu səfər etdik, hətta uyğunlaşmaq üçün adət etdiyimizdən bir gün əvvəl bura gəldik. Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə Stiv Solvet düşərgəmizdə deyil. Sabah meydanda ən yaxşı oyunumuzu göstərməli və keyfiyyətimizi bir daha nümayiş etdirməliyik".

Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə "Sabah" rəqibini 2:0 hesabı ilə məğlub edib. İyulun 14-də İngiltərənin Şropşir qraflığındakı "Park Hall" stadionunda baş tutacaq cavab matçı Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest