"Neftçi"nin baş məşqçisi Yuri Vernidubla yeni müqavilə bağlanıb.

Matc.az xəbər verir ki, klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

Klubun Müşahidə Şurasının sədri Hafiz Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib: “Klubumuz üçün xeyirli olsun! “Neftçi”nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də Konrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik”.

“Neftçi”nin Baş İcraçı Direktoru Cenk Sümer birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib: “Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba “Neftçi”dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq”.

Yuri Vernidub isə ona göstərilən etimada görə klub rəhbərliyinə və azarkeşlərə təşəkkür edib: “Müşahidə Şurasına və klub rəhbərliyinə mənə göstərdikləri dəstəyə görə minnətdarlıq etmək istəyirəm. Bu etimadı ilk gündən hiss etmişəm, indi də hiss edirəm. Öz adımdan onu deyə bilərəm ki, daha çox işləmək lazımdır. “Neftçi”nin həm ölkə daxilində, həm də Avropa miqyaslı yarışlarda layiq olduğu yerə qayıtması üçün əlimizdən gələn hər şeyi etməliyik. Azarkeşlərə məni isti qarşıladıqlarına, mövsüm boyu həm məni, həm də futbolçuları sona qədər dəstəklədiklərinə görə böyük “çox sağ ol” deyirəm. Yeni mövsümdə tribunaları dolu görmək istərdim. Onların inamı hər bir futbolçunu ruhlandırır və irəli aparır”.

Qeyd edək ki, Vernidub 2025-ci il dekabrın 9-da "Neftçi"nin baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 19 oyunun 13-də qalib gəlib, 4-ü heç-heçə, 2-si məğlubiyyət olmaqla cəmi 6 matçda xal itirib. Ümumilikdə, ukraynalı çalışdırıcının gəlişindən sonra 43 xal toplayan “Neftçi” xallarının sayını 59-a çatdıraraq mövsümü 4-cü pillədə başa vurub ki, bununla da UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest