Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman dünya çempionatının qrup mərhələsinin üçüncü turunda Ekvadora qarşı alınan gözlənilməz məğlubiyyətdən sonra jurnalistin sualına kəskin cavab verib.
Matc.az xəbər verir ki, alman mütəxəssisin fikirlərini "Sky Sport" nəşri yayıb.
Mətbuat konfransı zamanı Naqelsmanı qrupda birinciliyi rəsmiləşdirən komandanın son matçdakı motivasiyası ilə bağlı verilən sual qəzəbləndirib: "Xahiş edirəm, cəfəngiyyat danışmağı dayandırın, dürüst olun. Məgər uşaqlar bu gün can qoymadılar? Biz oyuna çox yaxşı başladıq. Təəssüf ki, qoldan dərhal sonra meydandakı düzülüşümüz baxımından problem yaşamağa başladıq. Bundan sonra oyun bizim üçün xeyli çətinləşdi. Ekvador üçün bu, həyat matçı idi və bu hiss olunurdu - onlar qaz pedalından ayaqlarını çəkmədilər".
Xatırladaq ki, qrup mərhələsinin son oyununda almanlar Ekvadora 1:2 hesabı ilə uduzublar. Bu nəticə sayəsində Ekvador ən yaxşı qrup üçüncüləri reytinqində mübarizəni davam etdirəcək. Həmçinin Fil Dişi Sahili də Kurasaonu məğlub edərək (2:0) tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.













