FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında tətbiq edilən "su fasilələri" ilə bağlı şərh verib.
Matc.az xəbər verir ki, təşkilat rəhbəri bu qərarın səbəblərini izah edib:
"Əsas səbəb istidir, amma onu da başa düşməliyik ki, 39 gün davam edən dünya çempionatı kimi bir yarışda komandalar potensial olaraq səkkiz oyun keçirə bilərlər. Buna görə də istirahət etmək imkanı olduqca vacibdir. Bütün komandaların hər matçda eyni şəraitdə oynamasını təmin etmək bizim üçün daha vacibdir. Bir məşqçinin sadəcə hava daha isti olduğu üçün taktiki düzəlişlər edərək matçın gedişatına təsir edə biləcəyini, temperaturun bir qədər aşağı olduğu başqa bir matçda isə eyni məşqçinin bu imkanı olmadığını qəbul etmək çox çətindir.
Hər kəs üçün bərabər şərait təmin etmək istəyirik, buna görə də hər matçda bu fasilələr tətbiq olunur. FIFA bundan əlavə gəlir əldə etmir, çünki bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Bu, maliyyə yox, sırf idman məsələsidir. Futbolçular matçın son saniyələrinə qədər hücum edirlər. Bəlkə də bu, oyunçuların əldə etdiyi qısa fasilə sayəsindədir ki, onlar meydana qayıdıb bütün güclərini göstərə bilirlər".
Qeyd edək ki, 22-ci və 67-ci dəqiqələrdə baş tutan fasilələr 3 dəqiqə davam edir və hər hissənin sonunda əlavə vaxta əlavə olunur. Bu prosedur dünya çempionatları tarixində ilk dəfə istifadə edilir.













