İspaniya millisinin dayaq yarımmüdafiəçisi Rodri İngiltərənin "Mançester Siti" klubundan azad agent statusu ilə ayrıla bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, tərəflər yeni müqavilə ilə bağlı danışıqlar aparsalar da, maliyyə şərtlərində hələ ki ciddi fikir ayrılıqları mövcuddur.

Əgər tərəflər ortaq məxrəcə gələ bilməsələr, 2024-cü ildə "Qızıl top" mükafatını qazanan ulduz futbolçunun daha bir mövsüm "şəhərlilər"in heyətində çıxış etdikdən sonra komandanı pulsuz tərk edəcəyi gözlənilir.

Cari bazar dəyəri 50 milyon avro olan təcrübəli oyunçu ilə "Real"ın da maraqlandığı iddia edilsə də, Madrid klubunun prezidenti Florentino Peres bu yay üçün keçərli olan transfer şayiələrini qəti şəkildə təkzib edib.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçinin İngiltərə klubu ilə hazırkı müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. İspaniyalı ulduz yenicə başa çatan 2025/2026 mövsümündə "Mançester Siti" forması ilə bütün turnirlərdə ümumilikdə 33 matça çıxaraq 2 qol vurmağı bacarıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest