Niderland millisi dünya çempionatı tarixində ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu qırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta" analitik şirkəti yayıb.
"Narıncılar" 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda İsveç yığmasını 5:1 hesabı ilə darmadağın ediblər. Bu qarşılaşma Niderland komandasının əsas və əlavə vaxtlar daxil olmaqla (penaltilər seriyası nəzərə alınmadan) dünya çempionatlarında ardıcıl məğlub olmadığı 14-cü oyun kimi tarixə düşüb.
Bununla da niderlandlılar Braziliya millisinə məxsus olan tarixi rekordu yeniləyiblər. "Sambaçılar" 1958-1966-cı illər arasında dünya birinciliklərində ardıcıl 13 matçda meydanı məğlubiyyətsiz tərk etməyi bacarmışdılar.
Qeyd edək ki, Niderland millisinin dünya çempionatlarındakı sonuncu rəsmi məğlubiyyəti 2010-cu ildə İspaniyaya qarşı keçirilən final oyununa (əlavə vaxtda 0:1) təsadüf edib. O vaxtdan bəri komanda iştirak etdiyi 2014 və 2022-ci illərdəki dünya çempionatlarında yalnız penaltilər seriyasında uduzub, 2018-ci ildəki turnirə isə vəsiqə qazana bilməyib.













