"Leypsiq"in gənc yarımmüdafiəçisi Yann Diomande yay transfer pəncərəsində klubdan ayrılmaq niyyətindədir. İngiltərənin "Liverpul" klubu isə istedadlı futbolçunu heyətinə qatmaq üçün yeni cəhd göstərir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, Almaniya təmsilçisi "mersisaydlılar"ın bonuslar da daxil olmaqla ümumilikdə 100 milyon avroluq (90 milyon avro sabit + 10 milyon avro bonus) rəsmi təklifini geri çevirib.
"Leypsiq" rəhbərliyi 19 yaşlı Fil Dişi Sahili ulduzunu ən azı daha bir mövsüm komandada saxlamağa ümid edir. Klub rəsmi satış üçün oyunçuya minimum 120-130 milyon avro civarında qiymət qoyub. Futbolçunun özü karyerasını Premyer Liqada davam etdirməyə üstünlük verdiyi üçün İngiltərə nəhənginin yaxın günlərdə daha yüksək məbləğlə yeni bir təklif irəli sürəcəyi gözlənilir.
Qeyd edək ki, 19 yaşlı vinger ötən mövsüm Almaniya klubu ilə bütün turnirlərdə meydana çıxdığı 36 matçda 13 qol və 9 məhsuldar ötürməlik möhtəşəm performans nümayiş etdirib. Hazırda Fil Dişi Sahili milli komandasının heyətində dünya çempionatında iştirak edən Diomande, qrup mərhələsinin üçüncü turundakı Kyurasao ilə keçiriləcək həlledici qarşılaşmaya hazırlaşır.













