"İnter"in təcrübəli müdafiəçisi Stefan de Vrey karyerasını Yunanıstanın "Panatinaikos" klubunda davam etdirməyə çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira yayıb.
Bildirilir ki, 34 yaşlı mərkəz müdafiəçisi Afina təmsilçisi ilə 2 illik rəsmi müqavilə imzalayacaq. Niderlandlı futbolçunun yeni klubunda illik maaşının 3 milyon avro olacağı gözlənilir. Onun İtaliya nəhəngi ilə hazırkı sözləşməsi cari ayın sonunda (30 iyun 2026-cı il) başa çatır və oyunçu azad agent statusu daşıyacaq.
Qeyd edək ki, 2018-ci ilin yayından bəri "neradzurri"nin uğurları üçün çalışan de Vrey, Milan təmsilçisinin heyətində meydana çıxdığı 296 matçda 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb və komandası ilə birlikdə 9 titul qazanıb.
Təcrübəli müdafiəçi yenicə başa çatan 2025/2026 mövsümündə isə ümumilikdə 17 qarşılaşmada şans qazanıb.
Xatırladaq ki, daha əvvəl oyunçunun adı Portuqaliya "Benfika"sı ilə də yan-yana çəkilirdi.









_1781974729.jpeg)



