Bu gün Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin stadionunda görkəmli futbol mütəxəssisi Hüseyn İsmayılovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Bu gün Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzinin stadionunda görkəmli futbol mütəxəssisi Hüseyn İsmayılovun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.

Matc.az xəbər verir ki, mərhum məşqçinin yetirmələrinin, futbol veteranlarının və media nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə jurnalist İlqar Tağıyev açıb. O, çıxışında Hüseyn İsmayılovun həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycan futbolunun inkişafında göstərdiyi xidmətləri xüsusi vurğulayıb.

İlqar Tağıyev qeyd edib ki, Hüseyn İsmayılov uzun illər ərzində gənc futbolçuların yetişməsində mühüm rol oynayıb. Onun rəhbərliyi altında peşəkar futbolçu kimi formalaşan Fərrux İsmayılov, Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Zaur Ramazanov və Müşfiq Qənbərov kimi futbolçular sonradan ölkə futbolunun tanınmış simalarına çevrilərək Azərbaycan milli komandalarının şərəfini qoruyublar.

Tədbirdə çıxış edən Hüseyn İsmayılovun yetirmələri Fərrux İsmayılov, Araz Əliyev və Rövşən Babayev məşqçiləri ilə bağlı xatirələrini bölüşüb, onun həm peşəkar mütəxəssis, həm də qayğıkeş insan kimi yaddaşlarda qaldığını bildiriblər.

Məşqçinin oğlu Taleh İsmayılov isə belə bir tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb. O qeyd edib ki, Hüseyn İsmayılovun yetirmələrinin bu gün də məşqçi və mütəxəssis kimi Azərbaycan futboluna xidmət etməsi onun məktəbinin yaşadığını göstərir.

Yubiley tədbiri çərçivəsində maraqlı futbol qarşılaşması da təşkil olunub. Bir vaxtlar Hüseyn İsmayılovun təsis etdiyi “Naxçıvan” komandası ilə jurnalist və veteran futbolçulardan ibarət “Media Team” komandası arasında keçirilən yoldaşlıq oyunu 7:7 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Hüseyn İsmayılov Azərbaycan futbolunda gənc istedadların üzə çıxarılması və onların peşəkar futbolçu kimi yetişməsində mühüm xidmətləri ilə yadda qalıb. Onun tələbələri müxtəlif illərdə ölkə futbolunun uğurlarında əhəmiyyətli pay sahibi olublar.

Hüseyn İsmayılov SSRİ-nin dağıldığı son böhranlı illərində və ölkəmizin müstəqilliyinin ilk illərində, yəni, ən çətin dövrdə öz fədakarlığı, futbola olan sevgi və xüsusi diqqəti ilə uşaq və yeniyetmə futbolunun ayaqda qalmasında böyük rolu olub. Məhz bu səbəbdəndir ki, illər sonra da yetirmələri və futbol ictimaiyyəti onu hörmət və sevgi ilə yada salırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest