Seneqal millisinin baş məşqçisi Pap Tiavin 2026-cı il dünya çempionatında rəsmi müqaviləsi olmadan çalışdığı məlum olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport News Africa" portalı yayıb.

Bildirilir ki, mütəxəssisin əvvəlki sözləşməsinin müddəti başa çatsa da, Seneqal Futbol Federasiyası hələ də ona yeni müqavilə təklif etməyib. Bu səbəbdən Tiavin hazırda öz vəzifəsini təmənnasız yerinə yetirdiyi vurğulanır.

Federasiyanın baş məşqçiyə köhnə müqavilədən 5 aylıq maaş borcu olduğu da gələn xəbərlər arasındadır.

Milli komandadakı maliyyə problemləri bununla bitmir. Futbolçulara 2025-ci il Afrika Millətlər Kubokundakı çıxışlarına görə vəd olunan mükafatlar hələ də ödənilməyib. Üstəlik, büdcə qıtlığı ucbatından yığmanın düşərgəsində aşpaz yoxdur və oyunçular yeməklərini kənardan sifariş etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, maddi sıxıntılarla mübarizə aparan Seneqal seçməsi cari dünya çempionatının ilk turunda Fransa millisinə 1:3 hesabı ilə məğlub olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest