Əlcəzair Futbol Federasiyası 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda Argentina millisinə qarşı keçirdikləri matçdakı hakimliyin FİFA tərəfindən araşdırılmasını tələb edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı TSA portalı yayıb.
Şimali Afrika təmsilçisinin əsas şikayətləri Şimon Marçinyakın rəhbərlik etdiyi Polşadan olan hakimlər briqadasının idarə etdiyi və Əlcəzairin 0:3 hesablı məğlubiyyəti ilə başa çatan oyundakı iki mübahisəli epizodla bağlıdır.
Görüşün 32-ci dəqiqəsində Argentinanın kapitanı Lionel Messinin top uğrunda mübarizə zamanı müdafiəçi Aissa Mandinin baldır əzələsini qəsdən basdığı iddia olunub. Baş hakim qayda pozuntusu qeydə almayıb, VAR otağı isə məsələyə müdaxilə etməyib. Əlcəzair tərəfi Messinin bu hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu müdafiə edir. Digər narazılıq isə 74-cü dəqiqədə Aleksis Mak Allisterin İbrahim Mazinin üzünə dirsəklə vurduğu zərbəyə görə hər hansı cəzanın verilməməsi ilə əlaqədardır.
Federasiya hər iki qərarın oyunun nəticəsinə birbaşa təsir etdiyini və komandanın hazırkı dünya çempionuna qarşı mübarizə aparmaq şansını əlindən aldığını bəyan edib. Əlcəzairin rəsmi müraciətinə baxmayaraq matçın nəticəsi qüvvədə saxlanılıb və FİFA hələlik şikayətə rəsmi reaksiya verməyib.
Xatırladaq ki, sözügedən qarşılaşmada Lionel Messi het-trik edərək dünya çempionatları tarixinin bir neçə rekordunu təzələyib.

_1781974729.jpeg)











