"Barselona" "Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiasonu heyətinə qatmaq planlarını davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə informasiyanı İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşri yayıb.
Kataloniya təmsilçisi İtaliya millisinin üzvünü transfer etmək üçün uruqvaylı ulduz müdafiəçisi Ronald Arauxonu mübadilə prosesinə daxil etməyi planlaşdırır. Turin klubunun baş məşqçisi Luçiano Spalletti 26 yaşlı Kambiasonu komandanın əsas fiqurlarından biri kimi görsə də, klub rəhbərliyi maliyyə çətinlikləri və büdcə məhdudiyyətləri səbəbindən gələn cəlbedici təklifləri dəyərləndirməyə məcburdur.
Ötən mövsüm "Yuve"nin heyətində bütövlükdə 47 matçda şans qazanan İtaliya millisinin üzvü 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" portalında bazar dəyəri 20 milyon avro göstərilən futbolçunun İtaliya nəhəngi ilə 2029-cu ilin yayına qədər qüvvədə olan müqaviləsi var.













