"Bavariya" və Fransa millisinin cinah oyunçusu Maykl Olise yay transfer pəncərəsində "Real"ın hədəfinə çevrilib.
"Matc.az" xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri paylaşıb.
Madrid təmsilçisi 24 yaşlı futbolçu üçün 200 milyon avrodan çox pul ödəməyə hazırdır ki, bu məbləğ bonuslarla birlikdə 220 milyon avroya qədər arta bilər. Lakin "Bavariya" əsas oyunçusunu buraxmaq niyyətində olmadığını artıq açıq şəkildə bildirib.
Diqqətçəkən məqam odur ki, Olise bu yaxınlarda "Instagram" hesabındakı bütün paylaşımları silib və o, əvvəllər "Kristal Pelas"dan ayrılmazdan qabaq da eyni addımı atmışdı. Bundan başqa, "Real"ın prezidenti Florentino Peres seçki kampaniyası zamanı adı açıqlanmayan ulduz oyunçu üçün 150 milyon avro təklif edəcəyini bəyan etmişdi və bir çox insayder onun məhz fransalı futbolçunu nəzərdə tutduğuna inanır.
Bir gün əvvəl isə "Bavariya"nın prezidenti Herbert Hayner rəqib klubu vaxt itirməməyə çağıraraq ulduz oyunçunu satmayacaqlarını qəti şəkildə vurğulayıb.
Qeyd edək ki, fransalı futbolçu geridə qalan 2025/26 mövsümündə Münhen klubunun heyətində bütün yarışlarda 52 oyun keçirib, 22 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb.













