"Barselona" yeni dam örtüyünün quraşdırılması işləri səbəbindən yenidən müvəqqəti olaraq "Kamp Nou"nu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Diari ARA" paylaşıb.
Bildirilir ki, 2027-ci ilin yayına planlaşdırılan dam örtüyünün quraşdırılması gözləniləndən daha uzun çəkəcək. Klub əvvəlcə işin təxminən 4 ay yarım ərzində başa çatacağını gözləyirdi, lakin mühəndislər bunun 7 aya qədər davam edəcəyini və bu müddət ərzində stadionda oyunların keçirilməyəcəyini proqnozlaşdırırlar.
Klubun baş əməliyyat direktoru Joan Centelles əvvəllər bildirmişdi ki, təmir işlərinin görülməsi üçün "Barselona" stadionu 2026/2027 mövsümünün son 3 oyununu və növbəti mövsümün ilk 3 oyununu səfərdə keçirməyi planlaşdırır.
Lazım gələrsə, katalonlar müvəqqəti olaraq "Estadi Yohan Kruyiff" stadionuna köçə və ya "Monjuik Olimpiya Stadionu"na qayıda bilərlər. Lakin sonuncu seçim maliyyə xərclərinə görə arzuolunmazdır və birincisi isə La Liqanın tamaşaçı tutumu tələblərinə cavab vermir (minimum 15.000 oturacaq).
Klub prezidenti Joan Laporta "Estadi Yohan Kruyiff" stadionunun tutumunu 6000-dən 16000-ə qədər artırmağı düşünür, lakin bunun üçün şəhər rəhbərliyinin icazəsi lazımdır.
Qeyd edək ki, bu yaxınlarda yeni təmir edilmiş "Kamp Nou" artıq qismən açılıb və "Sevilla" ilə oyunu təxminən 60.000 tamaşaçı izləyib.












