"Qarabağ"la bizim nə ədavətimiz, nə də rəqabətimiz var".
Misli Premyer Liqasının XXI turu çərivəsində "Kəpəz"i qəbul edən lider "Sabah" 1:0 hesablı qələbə qazanıb.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularıma yaxşı vuruşmaqları üçün təşəkkür edirəm. Ani diqqətsizlikdən qapımızdan qol buraxdıq. Ən yaxşı oyunçularımızı meydana buraxdıq. Futbolçularım üçün gözəl təcrübə oldu. Soyuq havada stadiona gələn azarkeşlərə də minnətdarlığımı bildirirəm.
- Ötən mövsüm komandanı Premyer Liqada saxlamağı bacardınız. Bu il də bunun üçün çalışırsınız. Hər iki mövsümü müqayisə etsəniz, nə kimi çətinlik və ya dəyişiklik görürsünüz?
- Fərqlər ondan ibarətdir ki, ötən il legioner daha çox idi. Digər komandalarla müqayisə etsəniz, ən az legioner hazırda bizdədir. Əlimizdən gələnin yaxşısın etməyə çalışırıq. "Turan Tovuz"la matçda fikir versəniz, rəqibdə 2 azərbaycanlı futbolçu var idisə meydanda, bizdə bu rəqəm 9 idi. Bu gün keçirilən matçda da "Sabah"ın heyətində elə bir məqam oldu ki, meydanda rəqibdə azərbaycanlı futbolçu yox idi, bizdə isə 7 nəfər mübarizə aparırdı.
- "Neftçi" ilə son matçda "Kəpəz" azarkeşlərinin "Neftçi" fanatları ilə birlikdə "Qarabağ"a qarşı şüarlarını necə dəyərləndirirsiniz?
- Bu şüar haqda eşitməmişəm. "Qarabağ"la bizim nə ədavətimiz, nə də rəqabətimiz var. Azərbaycanda avropadakı uğurlarına görə, hörmət olunası klub varsa, bu "Qarabağ"dır.












