“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya çempionatının 20-ci turunun “İnter”ə qarşı keçirilən oyunda (2:2) qırmızı vərəqə aldığı üçün iki oyunluq diskvalifikasiya edilib.
Matc.az xəbər verir ki, bundan əlavə, mütəxəssis 15 min avro məbləğində cərimələnib.
Görüşün ikinci hissəsində Konte baş hakimə ünvanlanan təhqiramiz ifadələrə görə meydandan kənarlaşdırılıb. O, qqırmızı vərəqə göstərildikdən sonra nümayişkaranə şəkildə topu vuraraq kənara atıb, hədələyici tərzdə dördüncü hakimə yaxınlaşıb, yüksək səslə etiraz edib və təhqir, eləcə də alçaldıcı ifadələri təkrarlayıb. Konte daha sonra tuneldə də hakimləri təhqir etməyə davam edib.
Matç ərzində “İnter” iki dəfə hesabda önə çıxsa da, “Napoli” Skott Maktominayın dublu sayəsində hesabı bərabərləşdirib. Antonio Konte 71-ci dəqiqədə hakim tərəfindən meydan sahiblərinin xeyrinə təyin olunan və Hakan Çalhanoğlunun reallaşdırdığı penalti qərarına etiraz etdiyi üçün qırmızı vərəqə alıb.
“Napoli” A Seriyasında 20 turdan sonra turnir cədvəlində 3-cü yeri tutur və lider “İnter”dən 4 xal geri qalır. Kontenin komandası növbəti oyununu 14 yanvar tarixində “Parma”ya qarşı keçirəcək.


_1768406186.jpg)









