Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo üçün ikinci rəsmi təklifini göndərib.
Matc.az xəbər verir kj, bu barədə məlumatı Braziliyanın "Globo" nəşri paylaşıb.
Bildirilir ki, təklifin forması əvvəlki kimi satınalma bəndi ilə icarəyə götürməkdir. Lakin bu dəfə Rio-de-Janeyro təmsilçisi qısa müddətdə ödəniləcək məbləği artırıb. Məhz maliyyə şərtləri əvvəlki təklifin "Qarabağ" tərəfindən rədd edilməsinin əsas səbəbi olub.
Qeyd olunur ki, dayaq yarımmüdafiəçisi transferi "Botafoqo"nun yay "transfer pəncərəsi"ndə əsas prioritetlərindən biridir. Klub Pedro Bikalyo ilə yanaşı, hazırda Macarıstanın "Ferensvaroş" klubunda çıxış edən "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Julio Romaonu da heyətinə qatmaq istəyir.
Danışıqlar futbolçunu agenti Breno Şartye ("Dunkirk Sports") tərəfindən aparılır. Hələlik Pedro Bikalyo ilə "Botafoqo" arasında maaş məsələsi müzakirə olunmayıb. Bununla belə, futbolçunun Braziliya futboluna mümkün qayıdışa müsbət yanaşdığı bildirilir.
Xatırladaq ki, Pedro Bikalyo "Kruzeyro" və "Palmeyras"ın akademiyalarında yetişib və peşəkar debütünü də "Palmeyras"da edib. Daha sonra Portuqaliyada "Santa Klara" və "Alverka" klublarında çıxış edən yarımmüdafiəçi bu yay "Qarabağ"a keçib.












