Almaniyanın “Maynts” klubu keçmiş futbolçusu Ənvər El-Qazi ilə bağlı məhkəmə işini uduzub.

Matc.az xəbər verir ki, məhkəmə klubun oyunçuya müqavilə müddəti ərzində tam əməkhaqqını ödəməsini qərara alıb. Bu barədə "Goal" nəşri məlumat yayıb.

“Aston Villa” və “Everton” klublarındakı çıxışları ilə tanınan niderlandlı cinah hücumçusu Ənvər El-Qazi 2023-cü ilin noyabrında “Maynts”dan qovulub.

Buna səbəb onun sosial şəbəkələrdə Fələstinə dəstək ifadə edən bir neçə paylaşımı olub. Xüsusilə də “Çaydan dənizə qədər, Fələstin azad olacaq” paylaşımı.

El-Qazi bu qərardan məhkəməyə müraciət edib. Almaniyanın Əmək Məsələləri üzrə Ali Məhkəməsi (Landesarbeitsgericht) futbolçunun qovulmasının qanunsuz olduğuna qərar verib.

Nəticədə, “Maynts” oyunçuya 2023-cü ilin noyabrından müqavilənin bitdiyi 2024-cü il iyunun 30-dək olan dövr üçün tam maaşını ödəməli olacaq. Mənbənin məlumatına əsasən, futbolçunun aylıq maaşı 150 min avro təşkil edib. Klubun ödəməli olduğu ümumi məbləğ təxminən 1,2 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest