UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında İrlandiyanın “Şelburn” klubu üzərində 1:0 hesablı qələbədən sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib. Matc.az xəbər verir ki, o, komandadan razı qaldığını bildirib: “Futbolçularımızın çıxışını yüksək qiymətləndirirəm. Oyun olduqca uğurlu keçdi və komanda mükəmməl performans göstərdi”.
 
Tahir Gözəl zədələrin olmamasının onlar üçün önəmli olduğunu xüsusi vurğulayıb: “Səfər qarşılaşmasından yaxşı nəticə ilə dönmüşdük. Bakıda isə tamamilə layiqli qələbə əldə etdik. Penalti epizodunda şanssızlıq yaşadıq, lakin bu, oyunun ümumi mənzərəsini dəyişmədi. Əsas odur ki, komandamızda heç bir zədə və ciddi itki yoxdur. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır”.
 
Prezident yeni transferlərlə bağlı da müsbət fikirlər səsləndirib: “Məni sevindirən başqa bir məqam isə komandaya cəlb olunan futbolçuların keyfiyyətli olmasıdır. Dani Bolt zədələndiyinə görə meydana çıxmadı, amma ümumilikdə yeni oyunçuların səviyyəsi yüksəkdir. Qurban Qurbanov bu məsələlərlə birbaşa maraqlanır. O, əlavə iki oyunçu istədiyini bildirib və biz də ona tam dəstək göstəririk. Hər kəs kimi biz də onun seçimlərini səbirsizliklə gözləyirik”.
 
Tahir Gözəl “Qarabağ”ın məqsədinin daha böyük olduğunu və bunun klub üçün həm idman, həm də maliyyə baxımından önəmli olduğunu deyib: “Qurban Qurbanovu transferlərə görə təbrik edirəm. Komandanın oturuşmuş oyun üslubu var və yeni futbolçular da bu sistemə uyğunlaşıblar. Əgər bir hücumçu və hücuma yönəlik yarımmüdafiəçi ilə heyət daha da güclənsə, düşünürəm ki, qarşıdan gələn mövsümə tam hazır olacağıq. 2017/2018-ci illərdə Çempionlar Liqasının qrup mərhələsində iştirakımızı təkrarlamaq istəyirik. Bəli, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsində oynayacağıq, lakin hədəf daha yüksəkdir. Bu, həm də klubun gəliri üçün mühüm rol oynayır və maliyyə imkanlarımız keyfiyyətli oyunçularla heyəti möhkəmləndirməyə şərait yaradır”.
 
Sonda klub rəhbəri “Qarabağ”ın müstəqil fəaliyyətini davam etdirmək niyyətində olduğunu qeyd edib: “Əlbəttə, baş sponsorun dəstəyi əvəzsizdir. Amma müstəqillik hər kəsə xoşdur. Biz də klub olaraq öz gəlirlərimizlə idarə olunmaq istəyirik. Bu səbəbdən bu cür oyunlar və qazanılan uğurlar bizim üçün olduqca əhəmiyyətlidir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest