“Qarabağ”ın sabiq müdafiəçisi Zaur Həşimovun matc.az saytına müsahibəsi
- “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində buvaxtadək keçirdiyi hər iki oyunda uduzub. Bu, sizin üçün gözlənilməz olmadı?
- Düzdü, təmsilçimiz qrupdakı hər iki oyunu məğlub başa vurub. “Qarabağ”ın “Tottenhem”ə İngiltərədə məğlubiyyəti gözlənilən olsa da, Bakıda “Malmö”yə yenilgini gözləmirdim. Futbolda belə hallar da baş verir. Bu oyunları unudub növbəti matçı düşünmək lazımdı.
- “Qarabağ” Avropa Liqasında növbəti oyununu sabah “Ayaks”a qarşı keçirəcək. Bu görüşdə hansı nəticəyə ümid edirsiniz?
- “Ayaks” təqdimata ehtiyacı olmayan komandadı. Niderland klubunun dünya futbolunda hansı yeri tutduğunu hər kəs bilir. Deyərdim ki, “Ayaks” bu qrupun iki ən güclü komandasından biridi. “Qarabağ” sabahkı matçda 1 xal qazanarsa, bu, yaxşı nəticə sayılacaq. Təmsilçimiz qələbə qazanarsa, bu, artıq tarixi nəticə olacaq.
- “Qarabağ”ın heyətində kimdən və ya kimlərdən sabahkı matçda qol gözləyirsiniz? Ağdam klubunun üzvləri hazırda lazımi formadadılar?
- “Qarabağ” Avropa Liqasında məğlub olduğu hər iki oyunda kifayət qədər qol epizodu yarada bilib. Sabah müdafiədə daha az səhv edən rəqiblə qarşılaşacağıq. Bu isə o deməkdi ki, ələ düşəcək fürsətlərdən maksimum istifadə etmək lazımdı. “Qarabağ”ın heyətində kimin qol vurması isə o qədər də önəmli deyil.
- “Qarabağ”ın bu yay və cari mövsüm başlayandan sonra heyətinə qatdığı futbolçular barədə fikriniz necədi? Sizcə, onlar komandanı gücləndirə biliblər?
- Yayda komandaya qoşulan futbolçular, eləcə də sonradan heyətə cəlb olunan Aleksey Kaşuk çox yaxşı oyunçulardı. Onlar “Qarabağ”ın gücünə güc qatacaqlar. Sadəcə, müəyyən zamana ehtiyac olduğu görünür. Yeni qoşulanlar adaptasiya prosesini tam keçdikdən sonra daha inamlı təsir bağışlayacaqlar.
- “Qarabağ”ın Avropa Liqasında pley-offa yüksəlmək şansını necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, “Qarabağ”ı pley-off mərhələsində görə biləcəyik. Şəxsən mən buna inanıram. “Qarabağ” bu qrupda sözünü deyə və pley-offa yüksələ biləcək potensialdadı.