Bu sözləri Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Şoustrand Bakıda bu növ üzrə ilk dəfə keçiriləcək Avropa çempionatı barədə danışarkən deyib.
"Sevindiricidir ki, 15-ci dəfə keçiriləcək "TeamGym" üzrə Avropa çempionatı bu dəfə yüksək təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub".
Matc.az xəbər verir ki, bu sözləri Avropa Gimnastikasının "TeamGym" üzrə Texniki Komitəsinin prezidenti Per Şoustrand Bakıda bu növ üzrə ilk dəfə keçiriləcək Avropa çempionatı barədə danışarkən deyib.
Qurum rəhbəri Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsinin çox olduğunu qeyd edib: "Bizi Bakıda maraqlı və rəqabətli yarış gözləyir. Bu turnir hər il Avropanın müxtəlif ölkələrində keçirilir. Yeni şəhərlər və fərqli mədəniyyətlər kəşf etmək bizə zövq verir. Hər ölkədə yeniliklərlə qarşılaşırıq. İnanırıq ki, Bakıda da tamamilə fərqli atmosfer olacaq".
O, turnirdə qitənin ən güclü komandalarının iştirak edəcəyini vurğulayıb: "Ümid edirəm ki, Milli Gimnastika Arenasında tamaşaçıların möhtəşəm dəstəyi bizi daha da həyəcanlandıracaq, azarkeşlər idmançıların çıxışlarını izləyib, zövq alacaqlar. Çünki bu çempionatı fərqli formatda keçirməyi planlaşdırırıq. Hazırda gimnastikanın bu növü Avropanın 20 ölkəsində sürətlə inkişaf etməkdədir. İnanırıq ki, bu rəqəm ildən-ilə artacaq. Digər ölkələr də mötəbər turnirlərə ev sahibliyi etmək barədə Azərbaycanın təcrübəsindən yararlanacaqlar".
Qeyd edək ki, "TeamGym" üzrə Avropa çempionatı oktyabrın 16-19-da Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda 14 ölkədən 268-i böyük və 230-u yeniyetmə olmaqla, ümumilikdə 498 idmançı mübarizə aparacaq.